3 dekabr 2012 00:26
Azərbaycan İrəvanda daha iki qələbəyə sevindi
Xəbər verdiyimiz kimi, İrəvanda gənclər arasında boks üzrə dünya birinciliyi keçirilir. Azerisport.az xəbər verir ki, yarışda 71 ölkədən 406 boksçusu birincilik uğrunda mübarizə aparır. Birincilikdə Azərbaycan yığması da iştirak edir.
Yarışların dördüncü günündə mübarizəni davam etdirən boksçularımızdan ikisi rinqə çıxıb. İlk olaraq Rahid Məmmədli (91 kq) Venesueladan olan Alfonso Floreslə qarşılaşıb. Yığmamızın üzvü bu görüşdən də inamlı qələbə ilə ayrılıb və növbəti mərhələ adlayıb - 13:6 (4:2, 4:2, 5:2). Həmyerlimizin növbəti rəqibi Daniel Uilyams (İngiltərə) olacaq.
Tural Əhmədov (52 kq) da ikinci döyüşünü uğurla başa vurub. O, Mavrikiya təmsilçisi Donovan Gerini məğlub etməyi bacarıb - 18:4 (8:1, 6:2, 4:1).
Qeyd edək Məmmədli və Əhmədovla yanaşı, Azərbaycanın daha iki təmsilçisi mübarizəni davam etdirir.
