2 dekabr 2012 00:06
Azərbaycandan İrəvanda daha iki zəfər
Xəbər verdiyimiz kimi, İrəvanda gənclər arasında boks üzrə dünya birinciliyi keçirilir. Azerisport.az xəbər verir ki, yarışda 71 ölkədən 406 boksçusu birincilik uğrunda mübarizə aparır. Birincilikdə Azərbaycan yığması da iştirak edir.
Yarışların üçüncü günündə daha üç azərbaycanlı boksçu rinqə çıxıb. İlk olaraq Pərviz Bağırov (64 kq) Yaponiyadan olan Xikaru Okişima ilə qarşılaşıb. Yığmamızın üzvü bu görüşdən inamlı qələbə ilə ayrılıb və mərhələ adlayıb - 15:9 (5:3, 6:4, 4:2).
Orxan Mayıllı da (75 kq) ilk döyüşünü uğurla başa vurub. O, Avstraliya təmsilçisi Lük Con Traversi ilk raundda məğlub etməyi bacarıb - 9:3. Avstraliyalı ilk turdan sonra diskvalifikasiya olunduğundan təmsilçimiz növbəti mərhələyə çıxıb.
Təəssüf ki, Saqi Salehli (69 kq) ukraynalı Artyom Solovyova məğlub olub və mübarizəni dayandırıb - 11:21 (3:6, 5:7, 3:8).
Qeyd edək ki, üçüncü yarış günündən sonra Azərbaycanın yeddi təmsilçisindən dördü mübarizəni davam etdirir.
