5 oktyabr 2012 01:07
Avropa birinciliyində daha üç qələbə
Rusiyanın Anapa şəhərində boks üzrə məktəblilər arasında Avropa birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, yarışın ikinci günündə milli komandamızın 6 üzvü rinqə çıxıb. Onlardan üçü öz döyüşünü qələbə ilə başa vurub.
52 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz Quliyevin qələbəsi daha parlaq alınıb. Həmyerlimizin qüvvətli zərbələrindən sonra xorvatiyalı Andro Yançik birinci raundda təslim olub. Ümid Rüstəmov da (44,5 kq) qitə birinciliyinə qələbə ilə başlayıb. Millimizin üzvü İrlandiya təmsilçisi Sian Gerard Purselli 7:3 hesabı ilə məğlub edib. 48 kiloqram çəki dərəcəsində yarışan Ayxan Tağızadə üçün də yarış uğurlu başlayıb. Boksçumuz irlandiyalı Ceyms Makiverni 10:5 hesabı ilə üstələyib.
İlk görüşdə yerli idmançı Aleksandr Kvitkovski ilə üz-üzə gələn Nurlan Əmirxanlı (50 kq) rəqibinə ciddi müqavimət göstərə bilməyib – 3:11. Rəhim Paşayev də (40 kq) yarışla vidalaşanlar arasındadı. Boksçumuz ilk döyüşdə İrlandiya nümayəndəsi Tom Stokesə 7:11 hesabı ilə uduzub. Avropa birinciliyinin ikinci günündə rinqi məğlub tərk edən boksçularımızdan biri də Nicat Orucovdu. 76 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz İsrail idmançısı Daniel Abazovikə 3 xal fərqi ilə məğlub olub – 6:9.
