3 oktyabr 2012 16:48
Yığmamız Qazaxıstandan iki medalla qayıtdı
Qazaxıstanın Aktau şəhərində bu ölkənin ilk idman ustası Şoxra Boletkulunun xatirəsinə həsr olunmuş boks turniri keçirilib. Azerisport.az xəbər verir ki, yarışda 7 ölkədən 150 dəri əlcək ustası qələbə uğrunda mübarizə aparıb.
Komandamızın heyətində Heybətulla Hacəliyev, Elvin İsayev, Rəhim Nəcəfov, Samir Məmmədov kimi tanınmış boksçular da güclərini sınayıblar.
Samir Məmmədov (56 kq) və Kamran Mehdiyev (91 kq) turniri 3-cü yerdə başa vurublar. İki görüşdə qalib gələn S.Məmmədov yalnız yarımfinalda yerli idmançı Kanat Koptelevə məğlub olub. K.Mehdiyev də iki döyüşdə qələbə qazandıqdan sonra yarımfinalda özbəkistanlı Baxodir Jololova uduzub.
Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) Ajibay Janibeklə (Qazaxıstan) ilk döyüşdə zədələnərək, görüşü sonadək davam etdirə bilməyib. Yeniyetmələrin ilk Olimpiya oyunlarının bürünc mükafatçısı Elvin İsayev (60 kq) Bekman Solibayevə (Qazaxıstan) 9:11 hesabı ilə yenilib. Dünya və Avropa çempionatlarının iştirakçısı Rəhim Nəcəfov ilk döyüşdə qalib gəlsə də, 1/4 finalda qazaxıstanlı Muxit Amantayevə uduzub.
