26 iyun 2012 18:54
Azərbaycandan Ermənistan üzərində növbəti qələbə!
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə yeniytmələr arasında Avropa birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, yarışın növbəti günündə Azərbaycanın daha 4 boksçusu rinqə çıxıb.
50 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev litvalı Yaroslav Karpoviçi 18:7 hesabı ilə məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. Avropa birinciliyindəki 3-cü Azərbaycan - Ermənistan mübarizəsi boksçularımızın üstünlüyü ilə yekunlaşıb. Bu dəfə Elnur Şəfizadə (48 kq) Artur Qeinşapyan üzərində 17:14 hesabı ilə qələbə qazanıb. Daha öncə Məhəmmədəli Tahirov (+80 kq) və Orxan Əliyev (80 kq) erməni rəqiblərini məğlub etmişdilər.
52 kq çəki dərəcəsində yarışan Məsud Yusifzadə ilk görüşdə qalib gəlsə də, ikinci qarşılaşmada Ukrayna idmançısı Vitali Solyanikə 11:15 hesabı ilə uduzaraq, yarışdan kənarda qalıb. Şamil İbrahimzadə isə (57 kq) ikinci döyüşünü də qalibiyyətlə yekunlaşdırıb. Boksçumuz bu dəfə İngiltərəni təmsil edən Sahir İqbalı 10:5 hesabı ilə üstələyib.
Qeyd edək ki, Avropa birinciliyinə13 boksçu ilə yollanan milli komandamızın üzvlərindən indiyədək 4-ü mübarizəni dayandırıb.
