11 may 2012 15:59
Boksçularımızın rəqibləri bəlli oldu
Çinin Quançjao şəhərində boks üzrə qadınlar arasında dünya çempionatının püşkü atılıb. Azerisport.az xəbər verir ki, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycanı Ayzanat Hacıyeva (60 kq) və Yelena Vıstropova (75 kq) təmsil edir.
Onlar 1/32 final mərhələsindən mübarizəyə başlayacaqlar. Hacıyeva ilk döyüşdə Hindistan nümayəndəsi Sarita Devi Laişramla üz-üzə gələcək. 30 yaşlı Laişram dəfələrlə Asiya çempionatının qalibi olub. O, 2001-ci ildən beynəlxalq yarışlara qatılır. Hacıyeva bu döyüşü qələbə ilə başa vursa, növbəti mərhələdə tanınmış Türkiyə boksçusu Gülsüm Tatarla qarşılaşacaq. Tatar dünya və Avropa çempionudu.
Vıstropova isə ilk döyüşünü belaruslu Viktoriya Kebikovaya qarşı keçirəcək. Əgər boksçumuz qalib gəlsə, 1/16 finalda onun rəqibi braziliyalı Roselli Feitosa olacaq. Feitosa bu il Kandada keçirilmiş Panamerika çempionatında 3-cü olub.
Qeyd edək ki, Azərbaycan boksçuları ilk döyüşlərini mayın 12-də keçirəcəklər. Çempionat mayın 19-dək davam edəcək.
