2 aprel 2012 12:28
Azərbaycan yığmasının heyəti açıqlandı
Boks üzrə Azərbaycan milli komandası Ukraynaya təlim-məşq toplanışına yollanıb. Azerisport.az xəbər verir ki, heyətə 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış 5 boksçumuzdan 4-ü, eləcə də Salman Əlizadə (49 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Vətən Hüseynli (81 kq) daxil edilib.
London olimpiadasında mübarizə aparacaq digər boksçumuz Soltan Migitinova (75 kq) isə hələ həkimlər istirahət etməyi tapşırıblar. Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) toplanışdan sonra Kiyevdə keçiriləcək turnirdə mübarizə aparacaqlar. Yığmamız Kiyevdə Konça-Zaspa bazasında hazırlıq keçəcək. Əgər hər hansı gözlənilməz hadisə baş verməsə, digər beş boksçu aprelin 12-də Kiyevdən Avropa olimpiya təsnifat turnirində iştirak etmək üçün birbaşa Türkiyənin Trabzon şəhərinə yollanacaq.
Qeyd edək ki, Türkiyədə 49 kq, 56 kq, 60 kq-da hərəyə 4, 69 kq-da 2, 81 kq-da isə 3 ən güclü idmançı olimpiadaya lisenziya qazanacaq. Millimiz Ukraynaya baş məşqçi Yevgeni Kotov və məşqçilər Nəriman Abdullayevlə Rasim Məmmədovun rəhbərliyi altında yollanıb.
