29 mart 2012 14:56
Yığmamız Dağıstanda 3 qızıl və 6 gümüş medal qazandı
Dağıstanın İzberbaş şəhərində SSRİ İdman Ustası Abdulla İdrisovun yubileyi münasibəti ilə keçirilən boks turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda respublikamızın yeniyetmə və gənc idmançıları da mübarizə aparıb.
Üç boksçumuz - Pərviz Quliyev (50 kq), Elçin Rəcəbli (56 kq), və Emin Rəsulzadə (70 kq) turnirin baş mükafatına sahib olublar. Qeyd edək ki, qaliblərdən ikisi həlledici döyüşdə komanda yoldaşları ilə qarşılaşıb. Quliyev Ayxan Tağızadəni, Rəsulzadə isə Roman Zakirovu məğlubiyyətə uğradıb. Fərid Əliyev (46 kq), Elməddin İsmayılov (48 kq), Tərlan Abdulov (57 kq) və Şahin İsmayılov (60 kq) yalnız finalda uduzaraq, 2-ci yerlə kifayətləniblər.
Şahin İsmayılov həm də “Qələbə əzminə görə” mükafatına layiq görülüb. Turnirin baş hakimi həmyerlimiz Nazim Mirhüseynov olub.
