11 mart 2012 00:33
Qadınların rinqə yubkada çıxmalarına icazə verildi
Qadınlar London olimpidasında rinqə idman yubkalarında çıxa biləcəklər. Azerisport.az xəbər verir ki, bu haqda qərarı Beynəlxalq Həvəskar Boks Assosiasiyası qəbul edib.
Olimpiya proqramının yeni iştirakçılarının (qadın boksu ilk dəfə məhz London Olimpiadasında təmsil olunacaq) yubkalarının uzunluğuna və biçiminə heç bir məhdudiyyət qoyulmayacaq. Ürəyi istəyənlər adi şort və digər idman forması da geyinə bilərlər.
AİBA-nın prezidenti Çinq-Kuo Vu qərarı şərh edərkən bunları dilə gətirib: “Biz heç vaxt qadınlardan rinqə yubkada çıxmağı xahiş etməmişik. Formalara dair milli federasiyalardan və boksçulardan müxtəlif tövsiyələr almışıq. Komissiyamız qaydalara müvafiq olaraq müzakirələr aparıb. Bəzi qadınlar ənənəvi idman geyimində, bəziləri isə yubkada çıxış etmək istəyir. Biz isə seçim etmək hüququnu qadınlara vermək qərarına gəlmişik”.
