5 mart 2012 16:12
Rusiya millisi Bakıya dünya çempionunu gətirdi
Rusiya milli komandası sabah Bakıda start götürəcək “Böyük İpək Yolu” beynəlxalq turnirində 9 boksçu ilə təmsil olunacaq. Azerisport.az xəbər verir ki, heyətdə ən tanınmış sima 2 qat dünya və 2 qat Avropa çempionu Albert Səlimovdu.
60 kq çəki dərəcəsində mübarizə aparacaq boksçu 2007-ci ildə Çikaqo, 2009-cu ildə isə Milanda keçirilən dünya çempionatlarında qızıl medala layiq görülüb. O, ötən ilin oktyabrında Bakıda təşkil olunmuş mundialda ilk döyüşdə rəqibə qurşaqdan aşağı zərbə endirdiyi üçün diskvalifikasiya olunmuşdu. 64 kq çəki dərəcəsində yarışacaq Aleksandr Solyanikov da Rusiya yığmasının aparıcı üzvlərindəndir. 28 yaşlı boksçu 2010-cu ildə Avropa çempionatının bürünc mükafatçısı olub. 75 kq çəki dərəcəsində Pyotr Xamukov da (75 kq) qələbəyə iddialıdır. Gənclər arasında dünya və Avropa birinciliyinin mükafatçısı olan Xamukov bu yaxınlarda Macarıstanda keçirilmiş beynəlxalq turnirdə 2-ci yeri tutub. Digər çəki dərəcələrində Həmzə Nametov (49 kq), Qriqoriy Nikolayçuk (56 kq), Aleksandr Klinkov (69 kq), Tahir Pirdamov (81 kq), İvan Klimov (91 kq) və İvan Veryasov (91+kq) rinqə çıxacaqlar.
Qazaxıstan milli komandası isə Bakıya 6 boksçu ilə gəlib. Bunlar Temirtas Jusupov (49 kq), Oljas Sattibayev (52 kq), Madi Şolakov (56 kq), Almat Serimov (81 kq), Aleksey Sevostyanov (91 kq) və Kanşibek Konkabayevdir (91+kq). Qeyd edək ki, Şolakov ötən il Rəhim Nəcəfovu məğlub edərək, “Böyük İpək Yolu” turnirinin qalibi olmuşdu. Sabah start götürəcək yarışa martın 9-da yekun vurulacaq. Turnir “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.
