2 mart 2012 17:50
Belarus, Türkiyə və Rusiya yığmaları Bakıya gəlir
Martın 6-da Bakıda sayca 5-ci dəfə “Böyük İpək Yolu” boks turnirinə start veriləcək. Azerisport.az xəbər verir ki, ənənəvi yarışda Azərbaycan idmançıları ilə yanaşı, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan, Türkiyə, Hindistan, Moldova və Qətər komandalarının iştirak etməsi gözlənilir.
Yığmamız yarışda geniş tərkibli heyətlə mübarizə aparacaq. Belə ki, millimizin 1-ci və 2-ci nömrələri ilə yanaşı, gənclər arasında ölkə birinciliyində fərqlənmiş bəzi boksçular da rinqə çıxacaqlar.
Martın 9-a kimi davam edəcək turnirdə London Olimpiadasına lisenziya qazanmış dəri əlcək ustalarımız da güclərini sınayacaqlar. Apreldə Trabzonda keçiriləcək Olimpiya oyunlarına vəsiqə verən Avropa kvalifikasiya turnirinə yollanacaq heyət məhz “Böyük İpək Yolu” yarışından sonra məlum olacaq.
Yarış “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.
