30 yanvar 2012 16:56
Azərbaycan çempionatı başa çatdı
Boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda 45 komandanın 226 idmançısı mübarizə aparıb.
13 çəki dərəcəsi üzrə keçirilən yarışda “Rabitə” idman cəmiyyətinin nümayəndələri ümumkomanda hesabında 1-ci yeri tutublar.
“Rabitə” təmsilçilərindən Elnur Şəfizadə (48 kq), Məsud Yusifzadə (52 kq), Orxan Əliyev (54 kq), Şamil İbrahimzadə (57 kq), Ramin Haciyev (66 kq), Şamil Əliyev (70 kq) və Nicat Sadıqov (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər çəki dərəcələrində Xəyyam Məmmədov (Neftçi – 46 kq), Tayfur Əliyev (Naxçıvan – 50 kq), Cavid Quliyev (Neftçi – 60 kq), Sirac Süleymanov (Qızıl Əlcək – 63 kq), Orxan Əliyev (Qızıl Əlcək – 80 kq) və Nicat Muradlı (Cəlilabad – 80+kq) respublika birinciliyinin qalibi olublar.
Ümumkomanda hesabında böyüklərin ölkə çempionatında olduğu kimi yenə də “Rabitə”dən sonra “Neftçi” İSM 2-ci, “Qızıl Əlcək” klubu isə 3-cü yeri tutub. Qeyd edək ki, qaliblər bu ilin iyununda Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq yeniyetmələr arasında Avropa birinciliyində mübarizə aparacaqlar.
Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Əbiyev yarışla bağlı fikirlərini bildirib: “Turnirdə kütləvilik istənilən səviyyədə oldu. Ötən respublika birinciliyindən fərqli olaraq, bu dəfə turnirin gedişindən razı qaldıq. Hiss olunur ki, məşqçilər və boksçular öz üzərlərində işləyirlər. Bölgə təmsilçilərinin də mükafatçılar sırasında olması sevindirici faktdır. 50 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev Naxçıvan Muxtar Respublikasında məşq edir. O, ötən il məktəblilərin Avropa birinciliyində də fərqlənmişdi. İnanıram ki, Bolqarıstandakı qitə birinciliyindən də medalla dönməyi bacaracaq”.
