30 yanvar 2012 16:27
Yığmamızın Macarıstana yollanacaq heyət bəlli oldu
Boks üzrə milli komandamız ilin ilk yarışına Macarıstanın Debretsen şəhərində çıxacaq. Azerisport.az xəbər verir ki, fevralın 8-də başlayacaq İştvan Bocskainin memorialında ölkəmizi 5 boksçu təmsil edəcək.
Heyətdəki ən tanınmış sima dünya və Avropa çempionatının mükafatçısı, Pekin Olimpiadasının iştirakçısı Samir Məmmədovdu. Son Azərbaycan çempionatının qalibi 56 kq çəki dərəcəsində mübarizə aparacaq.
Heyətdəki digər təcrübəli boksçu isə 2006-ci ildə Avropa çempionatının gümüş mükafatçısı olmuş Rahib Bəylərovdur. O, bu dəfə yeni çəki dərəcəsində - 81 kq-da gücünü sınayacaq. Dekabrda Surqutda Neft Ölkələrinin Dünya Kubokunda 1-ci olmuş Cavid Çələbiyev (52 kq) Macarıstanda da məşqçilər korpusunun etimadını doğrultmağa çalışacaq. Tamerlan Abdullayev (69 kq) və Kamran Mehdiyev də (91+kq) ilin ilk beynəlxalq turnirində iştirak edəcəklər.
Fevralın 12-ə kimi davam edəcək yarışda ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edəcək.
