21 yanvar 2012 02:04
“Onların gözlərinə baxın, sizə hər şey bəlli olacaq”
“Sərhədçi” Olimpiya idman mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turunun “Baku Fires” (Azərbaycan) və “Istanbul Bosphorus” (Türkiyə) komandaları arasında keçiriləcək bu günkü matça həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, ümumxalq Matəm günü ilə əlaqədar tədbir bir dəqiqəlik sükutla başlanıb.
İlk olaraq WSB-nin supervayzeri Devid Frensis giriş nitqi ilə çıxış edib: “Hər iki komandaya sabahkı matçda uğurlu çıxış arzu edirəm. Düşünürəm ki, döyüşlər çox maraqlı keçəcək. Hər iki komanda çox yaxşı formadadı”.
Çəki mərasimdən sonra “Baku Fires”ın baş meneceri Rizvan Gənciyev, komandamızın baş məşqçisi Həmzət Ağayev və qonaqların məşqçisi Seyfulla Dumlupinar KİV nümayəndələri ilə öz fikirləri ilə bölüşüblər.
“Qardaş ölkədə olmaq bizə çox xoşdu. Hər iki komandaya uğurlar, azarkeşlərə isə xoş təəssüratlar arzu edirəm. Biz qələbə çalmaq üçün gəlmişik, lakin “Baku Fires” qrupun lideridi və bizə müvəffəqiyyət əldə etmək çox çətin olaçaq” – deyə, qonaqların çalışdırıcısı bildirib.
Rizvan Gənciyev isə bunları dilə gətirib: “Bizim qonaqları salamlayıram. Azarkeşləri isə matça dəvət edirəm. Əminəm ki, bizi çox maraqlı qarşılaşma gözləyir. Bildiyiniz kimi, “transfer pəncərəsi” zamanı biz komandanı bir neçə lazımlı boksçularla gücləndirdik. Düşünürəm ki, onlar bizim kollektivə uyğun gələcəklər və komandanı gücləndirəcəklər. Növbəti matçlarda onların döyüşməyini görəcəksiz”.
Nəhayət, Həmzət Ağayev də fikirlərini bölüşüb: “Ümumdünya Boks Seriyasının (WSB) rəsmi saytı “Baku Fires”ın boksçusu Mədadi Nağzibəyov və türk Bunyamin Aydın arasındakı qarşılaşmanı 7-ci həftənin əsas döyüşü adlandırıb. Bu həqiqətən həftənin ən maraqlı döyüşü olacaq. Hər iki boksçu çox güçlüdü. Mədadinin güçü sizə məlumdu. Aydın isə WSB-2011 çempionu çinli Vanq Jiminı udub. Fikrimçə digər sözlər artıqdır. Beləliklə bu döyüşdə çox çiddi intriqa var bə biz səbirsizliklə bu qarşılaşmanı gözləyirik. Sabahkı matçın proqnozuna çatdıqda, bizim boksçuların gözlərinə baxın, sizə hər şey bəlli olacaq”.
Komandalın heyətləri:
Baku Fires - Istanbul Bosphorus
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Aydın Sakal (Türkiyə)
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Bunyamin Aydın (Türkiyə)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Erol Ozkal (Türkiyə)
85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Caner Sayak (Türkiyə)
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Aleksey Sivko (Ukrayna)
Turnir cədvəli:
1. Baku Fires – 18 xal, döyüşlərin fərqi - 25-5 (6 matç)
2. Leipzig Leopards – 10, 15-15 (6)
3. Mexico City Guerreros – 10, 16-13 (6)
4. Istanbul Bosphorus – 8, 14-16 (6)
5. Paris United – 7, 9-15 (5)
6. Beijing Dragons – 3, 5-20 (5)
