29 dekabr 2011 18:35
Transfer pəncərəsinin müddəti daha 10 gün artırıldı
“Baku Fires” boks komandası Qazaxıstanda 10 günlük təlim-məşq toplanışı keçirib. Azerisport.az xəbər verir ki, Almatı yaxınlığında “Alatau” müalicə-sağlamlıq kompleksində keçən təlim-məşq toplanışı bərpaedici xarakter daşıyıb.
Komandanın məşqçi heyəti üç aylıq gərgin məşqlərdən sonra boksçuların Ümumdünya Boks Seriyası (WSB) yarışlarının qrup mərhələsinin ikinci dövrəsindən əvvəl güclərini bərpa etmələri üçün belə bir toplanışın keçirilməsini vacib hesab edib. Məlum olduğu kimi, bu günlərdə komandaların yeni boksçularla güclənmək imkanı var. “Transfer pəncərəsinin” müdddəti uzadılıb. O, yanvarın 1-də deyil, 10-da başa çatacaq. Yaxın günlərdə "Baku Fires" yeni idmançıları müəyyənləşdirəcək və bundan sonra onların adları açıqlanacaq.
Qeyd edək ki, “B” qrupunda beş döyüşdən sonra "Baku Fires" yüz faiz nəticə göstərərək, 15 mümkün baldan 15-ni toplayıb və 1-ci yeri tutur. Komandamız növbəti matçını yanvarın 14-də Çində "Beijing Dragons"a qarşı keçirəcək.
