13 dekabr 2011 12:43
AIBA Azərbaycana qarşı rüşvət ittihamlarını rədd etdi
Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycana qarşı irəli sürülən qızıl medal qarşılığında rüşvət ittihamını əsassız sayıb. Azerisport.az xəbər verir ki, beynəlxalq qurumun xüsusi təhqiqat komitəsi bununla bağlı araşdırmanı yekunlaşdırıb.
Qeyd edək ki, bu ilin sentyabrında “BBC Newsnight” proqramında Azərbaycanın Ümumdünya Boks Seriyasına (WSB) gizli olaraq milyonlarla dollar ödənməsi ilə bağlı məlumat verilib. Gizli mənbələrə istinadən yayılan məlumatda bildirilirdi ki, WSB rəhbəri pulun Azərbaycan boksçularının “London-2012”-də 2 qızıl medal qazanmasına zəmanət olaraq verildiyini iddia edib. Məsələ ilə əlaqədar AİBA 5 nəfərdən ibarət xüsusi qrup yaradıb. Qrup televiziya verilişində səslənən faktların araşdırılması ilə məşğul olub. Araşdırma nəticəsində aydınlaşıb ki, söhbət fərdi sahibkar Həmid Həmidovun Amerika boksuna qoyduğu təmiz kommersiya investisiyalarından gedir.
Nəticədə Azərbaycana qarşı ittihamlar ciddi sübutlara söykənmədiyi üçün əsassız sayılıb.
