10 dekabr 2011 00:03
“5:0 hesabı ilə qalib gəlmək istəyirik" (FOTO)
Ötən gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turunun “Baku Fires” (Azərbaycan) və “Leipzig Leopards” (Almaniya) komandaları arasında keçiriləcək görüşə həsr olunmuş çəki mərasimi və mətbuat konfransı baş tutub. Azerisport.az xəbər verir ki, çəki mərasimindən sonra “Baku Fires”in baş məşqçisi Həmzət Ağayev, “leopardların” nümayəndəsi Mixael Qraçev, alman klubunun baş məşqçisi Vladimir Pletnev və WSB-nin supervayzeri Adam Kusior mətbuat konfransında iştirak ediblər.
“İstəyirəm tamaşaçılar maraqlı döyüşlər görsünlər. “Leipzig Leopards” çox güclü komandadı. Lakin ümid edirəm həmişəki kimi qələbə bizim olacaq. Rəqibimiz ciddi olsa da, 5:0 hesabı ilə qalib gəlmək istərdik” deyə, Həmzət Ağayev bəyan edib.
“Düşünmürəm ki, yorğunluqla bağlı Məhəmməd Əbdülhəmidovun problemləri olsun. Bəli, bir müddət əvvəl o Surqutda çıxış edib, lakin indi qaydasındadı. Bu, belə olmasaydı, biz Maqomedi bu döyüşə buraxmazdıq. Əlbəttə, beş döyüş arasında Ramazan Maqomedov və 2008-ci ilin Olimpiadasının gümüş mükafatçısı Kennet İqan arasında döyüş daha çox fərqlənir. Onlar kifayət qədər titullu boksçulardı və bu iki boksçu arasında gərgin mübarizə gözlənilir. Lakin digər döyüşlər də gərgin olacaqlarını vəd edirlər”.
Alman klubunun baş məşqçisi Vladimir Pletnev hər iki komandaya uğurlar arzulayıb: “Qoy güclü qalib gəlsin. Həmkarımın bəyanatını cavablandırmayacağam. Mənim əvəzimə boksçularımız cavab verəcəklər. Sabah onlar öz sözlərini deyəcəklər. Bununla yanaşı, başa düşürük ki, bizi yüksək dərəcəli boksçulara malik çox güclü rəqib gözləyir. “Baku Fires” güclü komanda olsa da, biz qələbəyə ümid edirik”.
Xatırladaq ki, matç bu gün - 10 dekabr tarixində, saat 19:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.
Komandaların heyətləri:
Baku Fires – Leipzig Leopards
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Edqar Valt (Almaniya)
61 kq. Semyon Qrivaçyov (Azərbaycan) – Eugen Burxard (Almaniya)
73 kq. Nikolay Veselov (Belarus) – Denis Radovan (Almaniya)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Kennet İqan (İrlandiya)
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Kornelius Şıxan (İrlandiya)
“B” qrupunda 4-cü turun bir matçı artıq keçirilib. “Mexico City Guerreros” doğma rinqdə “Istanbul Bosphorus”u 4:1 hesabı ilə məğlub edib.
Turnir cədvəli:
1. Leipzig Leopards – 9 xal, döyüşlərin fərqi - 13-2 (3 matç)
2. Baku Fires – 9, 11-4 (3)
3. Mexico City Guerreros – 7, 11-8 (4)
4. Paris United – 4, 5-9 (3)
5. Beijing Dragons – 3, 3-12 (3)
6. Istanbul Bosphorus – 2, 6-14 (4)
“Paris United” – “Beijing Dragons” görüşü təxirə salınıb və yanvarın 31-də keçiriləcək.
