30 noyabr 2011 15:16
Paris United – Baku Fires: heyətlər açıqlandı
Dekabrın 2-də Parisin Pyer de Kuberten İdman Sarayında Ümumdünya Boks Seriyasının (WSB) 3-ci turun matçında Fransanın “Paris United” və Azərbaycanın “Baku Fires” komandaları qarşılaşacaq. Azerisport.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, Baku Fires Parisə noyabrın 29-da yola düşüb. Artıq komandaların heyətləri də məlumdu:
Paris United - Baku Fires
54 kq. Aleksandr Rıskan (Moldova) – Qairbek Qermaxanov (Azərbaycan)
61 kq. Lyubomir Maryanoviç (Serbiya) – Mədadi Naqzibəyov (Tacikistan)
73 kq. Mişel Tavares (Fransa) – Heybulla Mürsəlov (Azərbaycan)
85 kq. Jorj Mayer (Fransa) – Azamat Murtuzəliyev (Azərbaycan)
+91 kq. Filip Xrqoviç (Xorvatiya) - Hacı Murtuzəliyev (Azərbaycan)
Göründüyü kimi, “Istanbul Bosphorus”la noyabrın 18-də keçirilən matçla müqaisə etsək, “Baku Fires”ın heyətində iki dəyişiklik baş verib. Semyon Qrivaçyovun yerini Mədadi Naqzibəyov tutacaq, Məhəmməd Nurudzinovu isə Heybulla Mürsəlov əvəzləyəcək. Naqzibəyovla Mürsəlov 1-ci turda qələbə qazanıblar.
Digər üç boksçumuzun aktivində iki qələbə var. Qairbek Qermaxanov və Azamat Murtuzəliyev İstanbulda rəqiblərini məğlub ediblər, Hacı Murtuzəliyev isə uduzub.
“Paris United” komandasının heyətində bu ilin Avropa çempionatının bürünc mükafatçısı Aleksandr Rıskan, WSB-nın ötənilki mövsümündə altı döyüşdə beş qələbə qazanan Mişel Tavares və 2010-cu ildə gənclər arasında dünya çempionu titulunu qazanan Filip Xrqoviçi qeyd etmək olar.
İki turdan sonra “Baku Fires” 6 xal toplayıb və “B” qrupunda 2-ci yerdə qərarlaşır. “Paris United” 3 xalla 4-cü pillədədir.
Turnir cədvəli:
1. Leipzig Leopards – 6 xal, döyüşlərin fərqi - 9-1
2. Baku Fires – 6, 8-2
3. Mexico City Guerreros – 3, 5-4
4. Paris United – 3, 3-6
5. Istanbul Bosphorus – 2, 4-6
6. Beijing Dragons – 0, 0-10
