9 oktyabr 2011 00:22
Azərbaycan dünya 3-cüsü oldu
Xəbər verdiyimiz kimi, Heydər Əliyev adına İdman-Konsert Kompeksində boks üzrə dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, iki medal (1 qızıl və 1 gümüş) qazanmış Azərbaycan yığması ümumi komanda hesabında üçüncü yeri tutub.
Maqomedrəsul Məcidov (91 kq-dan çox çəki dərəcəsində) dünya çempionu olduğu halda, Teymur Məmmədov (91 kq) da gümüş medal qazandı. Məcidov həm də çempionatın ən yaxşı boksçusu elan edildi.
Bütövlükdə isə, ukraynalılar inamlı qələbə qazanıblar (4-1-0), kubalılar ikinci yeri tutublar (2-1-0).
Dörd Azərbaycan idmançısı - Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq), Teymur Məmmədov (91 kq) və Maqomedrəsul Məcidov (91+) fərdi olimpiya lisenziyası qazanıb.
Ayrı-ayrı çəki dərəcələri üzrə dünya çempionu titulunu aşağıdakı idmançılar qazanıblar: 48 kq –Zu Şimin (Çin), 52 kq - Mişa Aloyan (Rusiya), 56 kq - Lazaro Alvares Estrada (Kuba), 60 kq - Vasili Lomaçenko (Ukrayna), 75 kq – Yevgeni Xitrov (Ukrayna), 81 kq - Xulio de La Krus Peraza (Kuba), 91 kq - Aleksandr Usik (Ukrayna).
Xatırladaq ki, bu çempionatda 2012-ci il Olimpiadasına 92 fərdi lisenziya oynanılırdı. Turnirə dünyanın 113 ölkəsindən 570 boksçu gəlmişdi.
