8 oktyabr 2011 17:41
Məcidov dünya çempionu, Məmmədov ikinci oldu (YENİLƏNİB)
Bakıda keçirilən boks üzrə London olimpiadasına lisenziya verən dünya çempionatı bu gün başa çatıb. Azerisport.az xəbər verir ki, DÇ-nin son günündə turnirin həlledici – final görüşləri keçirilib.
Bu mərhələdə iki Azərbaycan boksçusu da iştirak edirdi. Belə ki, Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov da qızıl medal qazanmaq şansını sınayıb.
90 kq-da yarışan Teymur Məmmədov Ukrayna boksçusu Aleksandr Usikdən üstün olmağa çalışacaqdı. Lakin təəssüf ki, o, həlledici döyüşü məğlub başa vurub - 15:25. Nəticədə, boksçumuz DÇ-ni gümüş medalla başa vurub.
Məhəmmədrəsul Məcidov isə (+91 kq) İngiltərə təmsilçisi Entoni Coşua üzərində qələbə qazanmalıydı. O, görüşə pis başlasa da, sonradan hesabı bərabərləşdirib. Qarşılaşmanın sonlarında isə Məcidov qələbəsini təmin edib - 22:21. Nəticədə, o, dünya çempionu adını qazanıb. Qeyd edək ki, bu, Azərbaycan boksu tarixində ikinci belə uğurdu. İlk dəfə bu uğura 2003-cü ildə Ağası Məmmədov imza atmışdı.
