7 oktyabr 2011 21:52
Məmmədov da DÇ-nin finalında, Məcidov da (YENİLƏNİB)
Bakıda keçirilən boks üzrə London olimpiadasına lisenziya verən dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün DÇ-də yarımfinal mərhələsinin görüşləri keçirilib.
Bu mərhələyə yüksələn iki təmsilçimiz - Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov da finala çıxmaq şanslarını yoxlayırlar. Dünya çempionatına inamlı başlayan Teymuru qızıl medaldan cəmi iki görüş ayırırdı. 91 kq çəki dərəcəsində mübarizə aparan idmçanımız bunun üçün əvvəlcə çinli Xuanxuan Vanqı məğlub etməliydi. O, bunu bacarıb. 4:2 hesablı qələbə idmançımızı DÇ-nin finalına çıxarıb. Məmmədov finalda Aleksandr Usiklə (Ukrayna) qarşılaşacaq.
Çəkisi 91 kq-dan çox olan boksçuların yarışında isə qızıl medal ümidimiz Məhəmmədrəsul Məcidov yarımfinal döyüşündə qazaxıstanlı İvan Diçko üz-üzə gəlib. Gərgin qarşılaşma boksçumuzun qələbəsiylə bitib - 16:9. İdmançımız həlledici mərhələdə Antoni Josua (İngiltərə) ilə görüşəcək.
Qeyd edək ki, sabah başa çatacaq dünya çempionatına 9 boksçu ilə qatılan milli komandamız London olimpiadasına 4 lisenziya qazanıb. Məmmədov və Məcidovdan başqa, Elvin Məmişzadə (52 kq) və Heybətulla Hacəliyev (64 kq) də 1/4 finala çıxmaqla, bunun öhdəsindən gəlmişdilər.
