5 oktyabr 2011 21:20
Məməmmədov və Məcidov ölkəmizə daha iki lisenziya qazandırdı (YENİLƏNİB)
Bakıda keçirilən boks üzrə London olimpiadasına lisenziya verən dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, DÇ-də bu gün 1/4 final mərhələsinin görüşləri keçirilib.
Bu mərhələdə 4 boksçumuz rinqə çıxıb. 52-kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadənin bu dəfəki rəqibi erməni əsilli rus idmançısı Mişa Aloyan olub. Qeyd edək ki, Məmişzadə artıq London olimpiadasına lisenziyanı özü üçün təmin etmişdi. Bu dəfə o, sadəcə medal qazanmağa çalışacaqdı. Təəssüf ki, boksçumuz bu gərgin mübarizədən məğlub ayrılıb - 12:14.
Ölkəmizə lisenziya qazandırmış daha bir boksçumuz – 64 kq-da mübarizə aparan Heybətulla Hacəliyev bu dəfə yarımfinala yüksəlmək və medal qazanmaq üçün rinqə çıxmışdı. Hacəliyev bunun üçün Denis Berinçuku məğlub etməliydi. Lakin təəssüf ki, görüş ukraynalı boksçunun üstünlüyü şəraitində keçib və 19:33 hesabıyla başa çatıb.
Dünya çempionatında 91 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Avropa çempionumuz Teymur Məmmədovun bu mərhələdəki rəqibi isə Xose Lardu (Kuba) idi. Təmsilçimiz bu görüşdən 24:20 hesablı qələbə ilə ayrılıb və DÇ-də yarımfinala çıxıb. Belədə o, ən azı bürünc medalı özü üçün təmin edib. Məmmədov güclü rəqibinə qalib gəlməklə, həm də ölkəmizə növbəti lisenziyanı qazandırıb.
Çəkisi 91 kq-dan çox olan boksçuların yarışında Məhəmmədrəsul Məcidovun da rəqibi Kuba idmançısı Erislandi Saboya idi. Həmyerlimiz bu dəfə də qələbəyə sevinəcəyi halda London olimpiadasına lisenziya qazanacaqdı. O, bu vəzifənin öhdəsindən layiqincə gəlib və elə ikinci raunddaca rəqibini nokdauna göndərib. Qazanılan qələbə təmsilçimizi yarımfinala çıxarmaqla ona ən azı bürünc medalı qazandırıb.
