4 oktyabr 2011 23:25
DÇ-də iki lisenziya və dörd medal şansı (YENİLƏNİB)
Bu gün Bakıda təşkil olunan boks üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, London olimpiadasına vəsiqə verən turnirin bu mərhələsində 6 Azərbaycan boksçusu da qüvvəsini sınayıb.
Son Avropa çempionu Salman Əlizadə (49 kq) Tailanddan olan Kaeo Ponqprayonla qarşılaşıb. Lakin təəssüf ki, o, məhz bu rəqibinə 8:23 hesabıyla məğlub olaraq, mübarizəni dayandırmalı olub.
AÇ-2011-in bürünc mükafatçısı Heybətulla Hacıəliyev (64 kq) isə özbəkistanlı Sanjarbek Rahmanovla üz-üzə gəlib. Boksçumuz bu döyüşdə 33:22 hesabıyla qalib gələrək, həm 1/4 finala çıxıb, həm də London olimpiadasına lisenziya qazanıb.
81 kq-da yarışan Ramil Əliyev Ukraynadan olan Aleksandr Qvozdyuku mübarizədən kənarlaşdırmalıydı. Çox təəssüf ki, bu görüşdə 17:15 hesablı qələbəyə sevinən ukraynalı bu boksçumuzun da mübarizəni dayandırmasına səbəb olub.
AÇ-də qızıl medala sahib çıxan Teymur Məmmədov (91 kq) bu turda macarıstanlı Yozef Darmoşdan üstün olmalıydı. O, bunu demək olar ki, mübarizəsiz qazanıb - 24:9.
52 kq-da yarışan Elvin Məmişzadə Monqolustan boksçusu Tuqtsoq Nyambayaru üzərində qələbə qazanıb - 17:14. Bu qələbə onu həm 1/4 finala çıxarıb, həm də olimpiadaya növbəti vəsiqə verib.
Məhəmmədrəsul Məcidov (+91 kq) isə Kolumbiyadan olan İsayya Menanı mübarizədən kənarlaşdırmağı bacarıb.
