3 oktyabr 2011 21:15
Altı bokscumuz DÇ-də yoluna davam edir (YENİLƏNİB)
Bakıda keçirilən boks üzrə London olimpiadasına lisenziya verən dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, DÇ-də bu gün daha üç azərbaycanlı boksçu rinqə çıxıb.
49 kq-da mübarizə aparan Avropa çempionu Salman Əlizadə ilk döyüşünü Mərakeş boksçusu Abdeali Daraya qarşı keçirib. İdmançımız rəqibini çətinliklə də olsa, məğlub etməyi bacarıb - 16:12.
Elvin İsayev (60 kq) türkmən Madadi Naqzibekovl üz-üzə gəlib. Lakin təəssüf ki, idmançımız bu görüşdən məğlub ayrılıb - 15:23. Beləliklə, İsayev DÇ-ə mübarizəni dayandıran üçüncü boksçumuz olub.
Digər qitə çempionumuz Teymur Məmmədov (91 kq) isə ilk döyüşünü Barbadosdan olan Emmanuel Andersona qarşı keçirib. O, rəqibini rinqə çıxmağa peşman edib - 23:5.
Xatırladaq ki, artıq digər boksçularımızdan Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq), Ramil Əliyev (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/8 finala vəsiqə qazanıblar.
