8 sentyabr 2011 15:20
Türkiyə yığmasının Bakıya gələcək heyəti məlum oldu
“Boks üzrə dünya çempionatı bizim üçün həyati əhəmiyyət kəsb edir. Çünki bu idman növündə ilk Olimpiya lisenziyaları Bakıda veriləcək. İnanıram ki, milli komandamız ölkəmizi yarışda uğurla təmsil edəcək”. Azerisport.az xəbər verir ki, bu sözləri Türkiyə Boks Federasiyasının prezidenti Eyub Gözgeç deyib.
Türkiyə komandasının əsasını bu ilin iyununda Ankarada keçirilmiş Avropa çempionatında iştirak edən boksçular təşkil edir. 60 kq çəki dərəcəsində son Avropa çempionu Fatih Keleş yenə də türklərin medal ümidlərindən olacaq. F.Keleş Ankarada həmyerlimiz Elvin İsayevi yalnız hakimlərin köməkliyi ilə məğlub etmişdi – 24:23.
Türkiyə millisinin heyətində Fərhad Pəhləvan (49 kq), Selcuk Eker (52 kq), Furkan Ulaş Memiş (56 kq), Fatih Keleş (60 kq), Onur Şipal (64 kq), Öndər Şipal (69 kq), Adem Kılıççı (75 kq), Caner Sayak (81 kq), Bəhram Müzəffər (91 kq) və Dənizcan Gökkaya (91 kq-dan yuxarı) yer alıb.
Türkiyə milli komandası Bakıda keçiriləcək dünya çempionatına hazırlığı Ankarada davam etdirir.
