7 sentyabr 2011 18:44
Yığma komandamız Rusiyaya yollandı
Boks üzrə Azərbaycan milli komandası dünya çempionatına hazırlığın növbəti mərhələsini Rusiyanın Çexov şəhərində keçirir. Azerisport.az xəbər verir ki, dəri əlcək ustalarımız bu şəhərdə Rusiya yığması ilə birgə təlim-məşq toplanışındadı.
Məşqçilər korpusu ölkə xaricinə 17 boksçu aparıb. Son Avropa çempionatının qalibləri Salman Əlizadə (49 kq), Teymur Məmmədov (91 kq) və bürünc mükafatçı Heybətulla Hacəliyev də (64 kq) heyətdə yer alıblar. Soltan Migitinov komanda ilə birlikdə hazırlıq prosesində iştirak etsə də, o, WSB liqasından London Olimpiadasına lisenziya qazandığından Bakıdakı dünya çempionatında rinqə çıxmayacaq. Dünya çempionatında iştirak edəcək heyət məhz bu toplanışdan sonra məlum olacaq.
Milli komandamız sentyabrın 19-da Vətənə dönərək, hazırlığın son hissəsini Bakıda keçirəcək. Xatırladaq ki, komandamız bundan öncə İtaliyanın Assizi şəhərində hazırlıqda olmuşdu. Ümumilikdə Çexova Salman Əlizadə (49 kq), Elvin Məmişzadə, Məhəmməd Abdulhəmidov (hər ikisi - 52 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev, İmil İksanov (hər ikisi - 60 kq), Heybətulla Hacəliyev, Romal Amanov (hər ikisi - 64 kq), Osman Əliyev, Emil Əhmədov (hər ikisi - 69 kq), Soltan Migitinov (75 kq), Ramil Əliyev, Ramazan Məhəmmədov, Vətən Hüseynli (hər üçü - 81 kq), Teymur Məmmədov, Abdulqadir Abdullayev (hər ikisi - 91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq) yollanıblar.
