27 avqust 2011 12:43
AÇ-də Azərbaycan üçün 3 final
İrlandiyanın paytaxtı Dublində keçirilən gənclər arasında boks üzrə Avropa birinciliyinin finalında yığmamızın 3 üzvü mübarizə aparacaq. Azerisport.az xəbər verir ki, Rauf Rəhimov və Heydər Heydərovun ardınca Pərviz Bağırov da həlledici görüşə vəsiqə qazanıb.
60 kq çəki dərəcəsindəki təmsilçimiz yarımfinalda erməni boksçusu Gor Yeritsyanla döyüşüb. Gərgin mübarizə şəraitində keçən görüşün 1-ci raundundan sonra həmyerlimiz 4:3 hesabı ilə önə keçib. Növbəti iki hissədə rəqibinə heç bir şans verməyən Bağırov Yeritisyanı 12:6 hesabı ilə məğlub edib. Qeyd edək ki, Avropa birinciliyində boksçularımız 3 dəfə erməni rəqibləri ilə qarşılaşıblar və hər 3 görüşdə qələbə qazanıblar. Bundan başqa, Pərviz Bağırov Ukraynanın şərəfini qoruyan Miger Ohanesyanı da məğlub etmişdi.
Bağırov finalda Litva nümayəndəsi Edqaras Skurdelislə qarşılaşacaq. Skurdelis yarımfinalda rumıniyalı Kukirianu üzərində 11:10 hesabı ilə qələbə qazanıb. Coşğun Əliyev (64 kq) isə qitə birinciliyinin bürünc medalı ilə kifayətlənməli olub. O, yarımfinalda Litva boksçusu Riçardas Kunçaitisə uduzub. Final döyüşləri avqustun 27-i Bakı vaxtı ilə saat 18.30-da başlayacaq.
