26 avqust 2011 11:12
AÇ-də ən azı 4 medal təmin olundu
İrlandiyanın paytaxtı Dublində keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində 1/4 final mərhələsinin döyüşləri başa çatıb. Azerisport.az xəbər verir ki, 1/4 finalda mübarizə aparan 6 boksçudan dördü qələbə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər.
Boksçularımızdan əvvəlcə Rauf Rəhimov (75 kq) rinqə çıxıb. Son qitə birinciliyinin gümüş mükafatçısı İtaliya təmsilçisi Cüzeppe Rannonu 15:11 hesabı ilə məğlub edib.
Superağır çəki dərəcəsində yarışan Heydər Heydərov da yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz belaruslu Nikolay Ramanenkodan bir baş üstün olub - 23:6.
Coşqun Əliyev də (64 kq) ən azı qitə birinciliyinin bürünc medalını boynundan asacaq. Milli komandamızın üzvü 1/4 finalda Bolqarıstan idmançısı Nikolay Koev üzərində 8:4 hesabı ilə qələbə qazanıb.
60 kq çəki dərəcəsindəki təmsilçimiz Pərviz Bağırov 1/4 finalda yerli boksçu Maykl Makdonahla üz-üzə gəlib. Yerli publikanın dəstəyi də boksçumuzun qələbəsinə mane olmayıb - 9:6.
Ancaq yığmamızın digər üzvü Tural Əhmədovun (52 kq) irlandiyalı Coe Fitzpatriklə döyüşündə hakimlər yerli idmançının qələbə qazanması üçün əllərindən gələni ediblər. Əhmədov rinqdə daha yaxşı təsir bağışlasa da, qələbə rəqibə verilib - 14:15.
Fəqan Hüseynov isə (69 kq) türkiyəli İhsan Ərdoğana 7:11 hesabı ilə məğlub olub. Yarımfinal görüşləri avqustun 26-da keçiriləcək.
