23 avqust 2011 12:08
Millimiz Avropa çempionatına 2 qələbə, 2 məğlubiyyətlə başladı
İrlandiyanın paytaxtı Dublində boks üzrə gənclər arasında Avropa birinciliyinə start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə rinqə çıxan milli komandamızın 4 üzvündən ikisi qələbə qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov İtaliya nümayəndəsi Matteo Angionini çətinlik çəkmədən məğlub edib - 9:2.
Daha bir boksçumuz da (69 kq) İtaliya idmançısını mübarizədən kənarlaşdırıb. Həmyerlimiz Dario Morello üzərində 13:12 hesabı ilə qələbə qazanıb.
81 kq çəki dərəcəsindəki təmsilçimiz Hüseyn Qasımov macarıstanlı Lajos Sarkoziyə uduzaraq, yarışı tərk edib.
Təssüff ki, 2010-cu ilin gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngov da Dublində uğursuzluğa düçar olub. Boksçumuz çox çalışsa da, Rusiya idmançısı Radjab Butayevə məğlubiyyətdən qaça bilməyib - 8:13.
Qeyd edək ki, komandamız Avropa birinciliyinə tam heyətlə (10 nəfər) yollanıb. Turnirə avqustun 27-də yekun vurulacaq.
