30 iyul 2011 12:19
Millimizin üzvü DÇ-nin finalına çıxdı
Qazaxıstanın paytaxtı Ankarada keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində həmyerlimiz Orxan Mayıllı finala vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan boksçu yarımfinalda İtaliya təmsilçisi Salvatore Kavalyaro ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən döyüş 7:7 hesabı ilə başa çatıb. Lakin əlavə göstəricilərə görə, hakimlər qələbəni Azərbaycan boksçusuna veriblər. Milli komandamızın üzvü həlledici görüşdə Rusiyanı təmsil edən Lendruş Akopyanla qarşılaşacaq. Rusiya boksçusu yarımfinalda Cənubi koreyalı İn-Gi Honqu 17:6 hesabı ilə məğlub edib.
Final görüşləri bu gün yerli vaxtla saat 14:00-da başlayacaq. Həlledici döyüşlərdə 15 ölkənin 26 idmançısı mübarizə aparacaq. Finalda ən çox təmsilçisi olan ölkə Rusiyadı - 5 boksçu. Türkiyə və Özbəkistanı finalda 3 idmançı təmsil edəcək. İngiltərə, Avstraliya və Qazaxıstanın bir nümayəndəsi qızıl medal uğrunda görüşəcəklər.
