28 iyul 2011 13:22
Boksçumuzun erməni ilə görüşü qalmaqala səbəb oldu
Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, 1/4 finala vəsiqə qazanan idmançılarımız bu mərhələdə uğursuz çıxışları ilə diqqət çəkiblər.
Belə ki, yarımfinala cəmi bir boksçumuz vəsiqə qazana bilib. Bu, 70 kq-da mübarizə aparan Orxan Mayıllıdı. O, türkiyəli Ceyhun Barışı 11:4 hesabı ilə məğlub etməyi bacarıb. Finala çıxmaq üçün Mayıllı italiyalı Salvatore Kavalyaroya da eyni aqibəti yaşatmalıdı.
80 kq çəki dərəcəsindəki təmsilçimiz Məhəmmədəli Tahirovun bu mərhələdəki döyüşü isə qalmaqalla yadda qalıb. Belə ki, erməni Sereji Akopyanla üz-üzə gələn həmyerlimiz rəqibini nokdauna göndərib. Amma hakimlər qələbəni erməniyə veriblər. Bu qərar azarkeşlər arasında da narazılığa səbəb olub. Yalnız təhlükəsizlik xidməti əməkdaşlarının işə qarışmasından sonra vəziyyət düzəlib.
