24 iyun 2011 18:00
Salman Əlizadə 18 illik sindroma son qoydu
Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azerisport.az xəbər verir ki, həmyerlimiz həlledici görüşdə rusiyalı Belik Qalanovla qarşılaşıb.
İlk raundda daha inamlı təsir bağışlayan boksçumuz 6:4 hesabı ilə qalib gəlib. İkinci raundda zərbələrinin sayını artıran Qalanov ümumi hesabı bərabərləşdirib – 9:9. Ancaq 3-cü raundda düzgün taktika seçən Əlizadə qələbəni təmin edə bilib. Yekun nəticə 16:14 boksçumuzun xeyrinə olub.
Beləliklə, Salman Əlizadə 18 illik fasilədən sonra boks idman növündə Azərbaycana qızıl medal qazandırıb. Xatırladaq ki, sonuncu dəfə 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilmiş qitə çempionatında Rövşən Hüseynov qızıl medala layiq görülmüşdü. Bir qədər sonra Teymur Məmmədov final görüşündə bolqarıstanlı Tervel Pulevlə qarşılaşacaq.
