21 iyun 2011 13:10
Millimizin üzvü: Belə ədalətsizliklə üzləşəcəyimi gözləmirdim
Boks üzrə yığmamızın üzvü Elvin İsayev (60 kq) türkiyəli Fatih Keleşlə döyüşdən sonra TRT-3 kanalına müsahibə verib. Azerisport.az xəbər verir ki, həmyerlimiz rəqibə uduzmadığını, hakimlərin qərəzli qərarlarıyla üzləşdiyini bildirib.
İsayev ABF-nin rəsmi saytına verdiyi açıqlamada da özünü məğlub saymadığını söyləyib: “Mən türkiyəli idmançıya uduzmadım. Sadəcə hakimlər qeyri-obyektiv qərar qəbul etdilər. İkinci raundda heç nədən mənə xəbərdarlıq olundu. 3-cü raundda isə rəqib boks adına heç nə göstərmədi. Əlləri ilə məni tutur, döyüşdən imtina edir, qaydanı pozurdu. Amma hakimlər ona xəbərdarlıq etmədilər. 2-ci hissədən sonra hesab bərabər idi. 3-cü raund isə mənim üstünlüyümlə keçdi. Amma axırda qələbəni yerli idmançıya verdilər. Belə ədalətsizliklə üzləşəcəyimi gözləmirdim”.
Boksçumuz bundan sonra artıq dünya çempionatını düşünəcəyini deyib: “Sentyabrda Bakıda dünya çempionatı olacaq. Əsas məqsədim orada uğurla çıxış edərək, Olimpiya oyunlarına vəsiqə qazanmaqdı”.
