20 iyun 2011 00:03
Azərbaycan AÇ-də daha 2 idmançısını itirdi (YENİLƏNİB)
Türkiyənin Ankara şəhərində boks üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan yığmasının daha 3 üzvü rinqdəki bacarığını nümayiş etdirmək hüququ qazanıb.
40 ölkənin 250-dək boksçusunun mübarizə apardığı turnirin üçüncü günündə Ramil Əliyev (81 kq) ilk döyüşünə çıxıbsa, Osman Əliyevlə Teymur Məmmədov ikinci dəfə Ankara rinqini qalib kimi tərk etməyə çalışıb.
Ramil Əliyev (81 kq) ilk döyüşünü rusiyalı Nikita İvanova qarşı keçirib və 15:27 hesabı ilə məğlub olaraq, startdaca mübarizəni dayandırıb.
91 kq-dakı təmsilçimiz Teymur Məmmədov ilk döyüşündə Macarıstan idmançısı Yozef Darmoşu rinqdən məğlub yola salmağı bacarmışdı. Bu gün isə o, xorvatiyalı Stepan Vurqelijə də eyni aqibəti yaşadıb - 23:14.
69 kq-da yarışan Osman Əliyev isə ilk döyüşünü sloveniyalı Elvin Bruliçə qarşı keçirmiş rəqibini aşkar fərqlə üstələmişdi. Bu günkü rəqib isə rusiyalı İslam Yedisultanov idi. Lakin döyüş zamanı idmançımızın burnundan iki dəfə qan açılıb ki, bu üzdən də hakimlər qələbəni rusa veriblər.
