3 iyun 2011 16:05
Rusiya yığmamızla duelə məğlub çıxır
İtaliyanın turistik Stintino şəhərində 3 ölkənin iştirakı ilə komanda boks döyüşləri start götürüb. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə İtaliya millisi Rusiyanı təmsil edən Sankt-Peterburq boksçuları ilə üz-üzə gəlib.
9 döyüşün səkkizində yerli idmançılar qələbə qazanıb. Yalnız bir görüşdə 69 kq çəki dərəcəsində Rusiya boksçusu Maksim Zinovyev Danilo Kreatini 15:7 hesabı ilə məğlub edib.
Qeyd edək ki, İtaliya milli komandasının 91 kq çəki dərəcəsindəki üzvü məşqdə zədələndiyindən həmin çəkidə görüş keçirilməyib. Meydan sahiblərinin heyətində dünya çempionu Domeniko Valentino (60 kq), Olimpiya və dünya çempionu Roberto Kammarelle Rusiya ilə qarşılaşmada rinqə çıxmayıblar. Ancaq adı çəkilən idmançıların milli komandamızla döyüşdə mübarizə aparması gözlənilir.
Bizim boksçularımız isə bu gün Bakı vaxtı ilə saat 23.30-da rusiyalı rəqibləri ilə görüşəcəklər. Komandamızın heyətində “Böyük İpək Yolu” turnirinin qalibi olmuş 16 yaşlı Tural Əhmədov 49 kq-da döyüşəcək. Halbuki o, əvvəllər 52 kq çəki dərəcəsində çıxış edirdi. Sadəcə İtaliyaya 49 kq-da heç kim aparılmayıb. 75 kq çəki dərəcəsində isə Emil Əhmədov debüt edəcək. Əhmədov bu vaxta qədər 69 kq-da yarışıb. 60 kq çəki dərəcəsində isə yığmamızın heyətində boksçu yoxdur.
