23 may 2011 17:56
Azərbaycan və Rusiya yığmaları Lənkəranda hazırlıq keçəcək
Qadın boksçularımız mayın 24-dən 30-a kimi Lənkəran Olimpiya Kompleksində Rusiya milli komandası ilə birgə təlim-məşq toplanışı keçəcəklər. Azerisport.az xəbər verir ki, şimal qonşumuzun baş məşqçisi Viktor Lisitsin Azərbaycana 5 boksçu gətirəcək.
Bunlar Avropa çempionu, Dünya çempionatının gümüş mükafatçısı Yelena Saveleva (51kq), ikiqat Dünya və Avropa çempionu Sofya Oçiqava (60 kq), Avropa çempionu Nadejda Torlopova (75 kq) və İrina Poteyevadır. Qeyd edək ki, adı çəkilən boksçular bu günlərdə Novosibirskdə başa çatan Rusiya çempionatında da uğurla çıxış ediblər. Toplanışda milli komandamızı baş məşqçi Aleksandr Denisovun rəhbərliyi altında 3 idmançı – Ayzanat Hacıyeva (60 kq), Əzizə Abbasova (51 kq) və Yelena Vıstropova (75 kq) təmsil edəcək.
Qeyd edək ki, Vıstropova bu günlərdə Qazaxıstanda keçirilmiş beynəlxalq turnirdə qızıl medala layiq görülmüşdü. Hacıyeva isə həmin yarışı 3-ü yerdə başa vurub. Olimpiya oyunlarında qadın boksunda yarışlar 3 çəki dərəcəsində - 51, 60 və 75 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
