30 aprel 2011 13:00
Ölkəmizin ən güclü boksçuları arasında seçmə turnir
Mayın 8-də Azərbaycanın ən güclü boksçularının mübarizə aparacağı yarış başlayacaq. Azerisport.az xəbər verir ki, “Ən güclülərin seçmə yarışı” adlanan turnirdə hər çəki dərəcəsində 4 idmançı çıxış edəcək.
Bakı İdman Sarayında təşkil olunacaq turnirdə WSB liqasında “Baku Fires” klubunun heyətində yarışmış yerli dəri əlcək ustaları da gücünü sınayacaq. Yalnız iki boksçu – Soltan Migitinov və Məhəmmədrəsul Məcidov London Olimpiadasına lisenziya uğrunda döyüşə hazırlaşdıqlarından rinqə çıxmayacaqlar. Yarışın keçirilməsində əsas məqsəd milli komandanın heyətini müəyyənləşdirməkdi.
Milli komandamız iyunda Ankarada keçiriləcək Avropa çempionatında iştirak edəcək. 40 boksçunun mübarizə aparacağı turnirin final döyüşləri mayın 10-u saat 12-də başlayacaq. Həmin gün axşam saatlarında isə eyni məkanda – Bakı İdman Sarayında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi yarış start götürəcək. Qeyd edək ki, London Olimpiadasına lisenziya verən Dünya çempionatı bu ilin sentyabrında Bakıda keçiriləcək.
