9 yanvar 2011 01:27
`Baku Fires` növbəti qələbəsini qazandı (FOTOLAR)
WSB liqasında mübarizə aparan Azərbaycanın `Baku Fires` klubu növbəti qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, Qazaxıstanın `Astana Arlans` klubunu qəbul edən təmsilçimiz çətin qələbəyə sevinib.
Rinqə öncə 54 kq çəki dərəcəsində olan boksçular - Məhəmməd Abdulhəmidovla Bağdad Alimbekov çıxıb. Sonda daha güclü çıxan Abdulhəmidov komandamızı hesabda önə keçirib. 61 kq dəri dərəcəsində isə Romal Amanov Yerjan Mussafirova məğlub olub – 1:1. 73 kq-da da `Baku Fires`in üzvü Batırjon Mahmudov Baxıt Sarsekbayevə müqavimət göstərə bilməyib – 1:2. Yalnız 85 kq çəki dərəcəsində Ramazan Maqomedov Maksvel Amponsanı məğlub etməklə, hesabda tarazlıq yaradıb. 91 kq-dan artıq çəki dərəcəsində gedən həlledici döyüşdə də Məhəmmədrəsul Məcidov rəqibi Ruslan Mirsatayevə qalib gəlməklə, komandamıza mühüm qələbə qazandırıb.
Qeyd edək ki, indiyəqədərki ilk 5 görüşündən 100 faizlik nəticə ilə ayrılan `Baku Fires` qrupunun vahid lideridi və növbəti döyüşünü yanvarın 15-də səfərdə `Beijing Dragons` klubuna qarşı keçirəcək.
