Gənc erməni boksçular Bakıya gəlmək niyyətindədir
Ermənistan Boks Federasiyası 2012-ci ildə keçiriləcək London olimpiadası ərəfəsində lisenziya yarışlarından birini öz ölkəsində keçirmək üçün AIBA-ya müraciət edib. Azerisport.com xəbər verir ki, beynəlxalq federasiya Ermənistanın müraciətinə müsbət cavab verərsə, yarış apreldə baş tutacaq. Nəzərinizə çatdıraq ki, Azərbaycan Boks Federasiyası da lisenziya yarışlarından birinin Bakıda təşkil olunmasına çalışır.
Bu arada erməni idmançılarının ölkəmizə səfəri davam edə bilər. Boks federasiyasından aldığımız məlumata görə, ermənistanlı boksçular aprelin 20-də başlanacaq boks üzrə gənclər arasında dünya çempionatında iştirak etmək üçün Bakıya gəlmək niyyətindədir və bununla bağlı, artıq yarışın təşkilat komitəsinə müvafiq müraciət daxil olub. Yaxın günlərdə AIBA nümayəndələrinin də iştirakı ilə Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda müzakirə olunacaq məsələlərdən biri yarış zamanı erməni boksçuların təhlükəsizliyinin qorunması üçün görüləcək tədbirlər olacaq.
