Rəhman Hacıyev Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda iştirak edib - FOTO

2025-ci il oktyabrın 20-də Xankəndi şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.
“Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş tədbirdə dövlət və hökumət rəsmiləri, QHT rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həyatlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Xalq artisti Fəxrəddin Manafovun ifasında “Şəhidə məktub” videoçarxı nümayiş olunub.
Forumun rəsmi açılışında çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ölkəmizdə vətəndaş cəmiyyəti və qeyri hökümət təşkilatlarının keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
İdarə Heyətinin sədri çıxışı zamanı Qarabağ Dirçəliş Fondu ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasındakı əməkdaşlıqdan bəhs edərək, bu tərəfdaşlığın vətəndaş cəmiyyəti institutlarının Qarabağın bərpası prosesinə cəlb olunması, sosial layihələrin həyata keçirilməsi və ictimai təşəbbüslərin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və digər şəxslər çıxışları zamanı vətəndaş cəmiyyəti qurumlarının ölkənin suverenlik yolunda, işğaldan azad edilən ərazilərdə fəaliyyət və beynəlxalq aləmdə əməkdaşlıq sahəsində yeri və rolu barədə fikirlərini bölüşüblər.
Daha sonra Forumun aparıcısı, tanınmış diktor Dilarə Səlim Azərbaycan QHT təmsilçilərinin “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş fikirlərindən ibarət videoçarxı təqdim edib.
Forum öz işini “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, ““Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər” və “Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirələri ilə davam etdirib.
Qeyd edək ki, forumun sonunda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Tədbir bədii hissə ilə başa çatıb. Bədii hissədə xalq artisti Mübariz Tağıyev, əməkdar artistlər – Ramil Qasımov, Samirə Əliyeva, Ehtiram Hüseynov, gənc ifaçı İlkin Dövlətov mahnılar ifa edib, rəqs kollektivləri çıxış edib.













