Füzuli Şəhəri Günü böyük coşqu ilə qeyd edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzuli Şəhəri Günü böyük coşqu ilə qeyd edilib - FOTO

17:17 - Bu gün
Füzuli Şəhəri Günü böyük coşqu ilə qeyd edilib - FOTO

İki il əvvəl uzunmüddətli işğaldan sonra doğma sakinlərinə qapılarını yenidən açan Füzuli şəhəri bu il də Şəhər Gününü böyük coşqu ilə qeyd edib.

Oktyabrın 17-də bu əlamətdar gün münasibətilə təşkil olunan tədbirlərdə Füzuli şəhərinin çoxsaylı sakinləri, dövlət rəsmiləri, tanınmış ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

Bayram tədbirləri Mədəniyyət Nazirliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

Silsilə tədbirlər çərçivəsində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə uşaqlar üçün Füzuli Dövlət Dram Teatrının təqdimatında “Çəkməli pişik” tamaşası nümayiş olunub.

Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Zəfərin ruhu” adlı fotosərgi və təsviri sənət üzrə ustad dərsləri keçirilib. Füzuli şəhərinin 1-ci yaşayış məhəlləsində yerləşən parkda isə incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Proqrama F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında bu il anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” əsəri ilə başlanılıb.

Sonra Əməkdar artistlər Nizami Abdullayev, Anar Şuşalı, Ehtiram Hüseynov, həmçinin solistlər Vəfa Vəzirova, Murad Arif, Səbinə Ərəbli, Eldəniz Məmmədov, Könül Tağıyeva və Günay İbrahimli ifa etdikləri xalq və bəstəkar mahnıları ilə tamaşaçıların könlünü oxşayıblar.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında təqdim olunan bir sıra xalq rəqsləri alqışlarla qarşılanıb. Yeniyetmə idmançılar isə meydanda məharətlərini göstəriblər.

Konsert proqramından sonra Füzuli səmasında möhtəşəm atəşfəşanlıq baş tutub və şəhər sakinlərinə unudulmaz anlar yaşadılıb.

Xatırladaq ki, Füzuli şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 17-də işğaldan azad edilib. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 17 Oktyabr – Füzuli Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər