Rəşad Məcid məcburi köçkünlərlə bağlı paylaşımlardan danışdı: Məqsədli şəkildə edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəşad Məcid məcburi köçkünlərlə bağlı paylaşımlardan danışdı: Məqsədli şəkildə edilir

14:47 - Bu gün
Rəşad Məcid məcburi köçkünlərlə bağlı paylaşımlardan danışdı: Məqsədli şəkildə edilir

Son günlər məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə bağlı sosial şəbəkələrdə yayılan fikirlər cəmiyyətdə ciddi narahatlıq doğurub.

1news.az xəbər verir ki, Mətbuat Şurasının sədri Rəşad Məcid öz sosial şəbəkə hesabında məsələyə münasibət bildirib.

O, qeyd edib ki, Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə bağlı mövzu son günlər sosial şəbəkələrdə fərqli mövqelərdən müzakirə olunur.

“Təfərrüatlara varmaq istəməzdim, amma əslində, buna müzakirə yox, hiddət və qəzəb yağışı demək daha uyğundur. Hər bir halda, ortada təəssüf doğuran mənzərə var”.

O bildirib ki, yaranmış durum Şuranın daimi diqqətindədir.

“Şura tərəfindən media nümayəndələri ilə profilaktik söhbətlər aparılıb, onlara “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları” çərçivəsində mövzu izah olunub.

“İnsanları dininə, dilinə, irqinə, yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir. Media təmsilçiləri və informasiya yayımı ilə məşğul olan şəxslər cəmiyyətdə bölücülük yarada biləcək ifadələrdən çəkinməlidirlər. Sevindirici haldır ki, media subyektlərimiz əksər hallarda bu məsələlərdə kifayət qədər ehtiyatlı və peşəkar davranırlar”, – deyə Rəşad Məcid bildirib.
O, sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında bu məsələnin məqsədli şəkildə ictimailəşdirilməyə çalışıldığını da qeyd edib: “Kimlərsə pusquda dayanıb kiminsə nəsə deməsini gözləyir ki, qığılcımı böyük alova çevirsin. Belələri fürsət düşən kimi 44 günlük müharibədəki Zəfərimizi, doğma el-obamıza sahiblənmək əzmimizi gözdən salmağa çalışırlar”.
Mətbuat Şurasının sədri media nümayəndələrini, müstəqil jurnalistləri və ümumilikdə özünü informasiya yayıcısı hesab edən şəxsləri daha məsuliyyətli olmağa çağırıb: “Unutmaq olmaz ki, səsləndirilən hər fikir ölkəmizin firavanlığı, cəmiyyətimizdə dinc birgə yaşam, ictimai və sosial sabitlik baxımından mühüm əhəmiyyət daşıyır”.

Rəşad Məcid eyni zamanda bəzi halların hüquqi müstəvidə də qiymətləndirilməli olduğunu vurğulayıb: “Kimsə kütləyə ünvanlanmış çıxışında və ya ictimaiyyətə xitab edən açıqlamasında insanlar arasında nifaq yaradırsa, məsələ hüquqi baxımdan da dəyərləndirilməlidir. Bu amil ciddi şəkildə nəzərə alınmalıdır”.

Paylaş:
142

Son xəbərlər

Bütün xəbərlər